cs10.jpg

“DEFSCOPE Cybersecurity Bootcamp 2021” yekunlaşıb

Ölkəmiz inkişaf etdikcə strateji sahələrdə kadr hazırlığının önəmi daha da artır. Daim yeniliyə imza atan DEFSCOPE şirkəti 5 həftə davam edən ilk intensiv kibertəhlükəsizlik təlimini uğurla yekunlaşdırdı. Ümumi 60 saatlıq təlim proqramı 2 avqust - 4 sentyabr tarixində baş tutmuş, iştirakçılar bu müddət ərzində nəzəri və praktiki biliklərə yiyələnmişdir.

21 sentyabr tarixində təlimin bağlanış mərasimi DEFSCOPE Təlim Mərkəzində keçirilmişdir. Tədbirə fəxri qonaq qismində Azərbaycan Texniki Universitetinin “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov, CONIM Cert şirkətinin informasiya və kibertəhlükəsizlik üzrə təlimçi eksperti İlqar Əliyev, həmçinin İNSECO-nun həmtəsisçisi və Megascops şirkətinin direktoru Elxan Poladlı da dəvət edilmişdi. Tədbir zamanı fəxri qonaqlar gənclərə bu sahənin perspektivlərindən və onların ölkəyə verə biləcəyi töhfələrdən bəhs etmişdir. Sonda DEFSCOPE şirkətinin təsisçi - direktor Vüsal Salmanlının iştirakı ilə təlim iştirakçılarına sertifikatlar təqdim edildi.

Kibertəhlükəsizlik sahəsində 10 ildən artıq təcrübəyə sahib olan Vüsal Salmanlı təlim müddətində iştirakçılara həm təlimçi ekspert, həm də mentor olaraq dəstək göstərmişdir. Təlim proqramının əsas məqsədlərindən biri iştirakçılara nəzəri və praktiki biliklər qazandırmaqla yanaşı, mentor proqramı vasitəsilə onlara yumşaq bacarıqların aşılanmasına nail olmaq idi. Hər təlim həftəsinin sonunda iştirakçılar ilə müxtəlif məkanlarda mentor görüşləri keçirilirdi. Bu görüşlər zamanı karyera və təhsilə dair mövzulara toxunulurdu. Təlim yekunlaşsa belə sonrakı 3 ay müddətində iştirakçılara mentor dəstəyi davam edəcək.

Qeyd edək ki, “DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkət qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edib və hal-hazırda ABŞ, Kanada, Avropa ölkələri və Azərbaycanda peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir.

Şirkətin gələcək innovativ layihələrindən xəbərdar olmaq üçün rəsmi internet səhifəsini və sosial media hesablarını izləyə bilərsiniz.

https://www.defscope.com/

info@defscope.com

+994 12 409 2565