Getdikcə texnoloji inkişafın daha da sürətlənməsi və təsir sferasının genişlənməsi yaşayışımızın daha rahat hala gəlməsinə səbəb olub. Bizi bizdən daha yaxşı tanıyan texnoloji dostlarımız artıq həm məişətdə, həm də iş həyatında bir çox məsələlərə daha sürətli həll yolları təklif edir. Ən son texnoloji yeniliklərdən olan ağıllı şəhərlərin sahib olduğu limitsiz imkanlar illər əvvəl xəyal məhsulumuz olan bir çox şeyi artıq reallığa çevirir. Proqnozlar, 2026-cı ilə qədər rəqəmsal meqapolislərin qlobal ÜDM-in 5% artmasına səbəb olacağını bildirir ki, bu da təxminən 20 trilyon dollar deməkdir. Artıq bu cür şəhərlərin ətraf mühitə və insanlara müsbət təsirləri də qeydə alınıb.
Azərbaycan da artıq ağıllı şəhər sisteminə keçid edir
Azərbaycan da bu istiqamətdə inkişaf etmiş ölkələrin sıralarına qoşularaq şəhər və kəndlərin ağıllı hala gətirilməsi üçün ilk addımları atıb. Məsələ hələ ötən ilin əvvəlində “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət planı”nda əks olunub. 30 ilə yaxındır işğal altında olan ərazilərin azad edilməsi, salınacaq ağıllı şəhər və kəndlərin Respublika üzrə miqyasının genişlənməsi deməkdir. Elə son günlər işğaldan azad edilmiş ərazilərin bərpa prosesində həmin yerlərdə ağıllı şəhər konsepsiyasının əsas götürülməsi müzakirə mövzusudur. Ağıllı şəhərlər təbii ehtiyatlardan səmərəli istifadə, vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq və iqtisadi inkişafa nail olmaq üçün innovativ bir həll olsa da, bütünlüklə texnoloji vasitələrlə əhatələnən belə məkanlar dövrün ən böyük təhlükəsi olan kiber təhlükəni göz önünə gətirir.
Kibertəhlükə problemlərinin qarşısını almaq üçün əsas tələblər
Ağıllı şəhərlərin təhlükəsizlik tələblərində ilk sırada texnologiya və infrastrukturun təhlükəsizliyinə və hər hansısa kiber hücuma davam gətirə biləcək əməliyyat təhlükəsizliyi dayanır. Növbəti tələb isə fərqli texnologiyalardan istifadə edərək infrastruktur daxilində yaradılan və ötürülən məlumatlarla əlaqəlidir. Ancaq hər bir halda, məlumatın qorunması, daha çox əməliyyat təhlükəsizliyindən asılıdır. Çünki sistemi sındıran hansısa kiber cinayətkar məlumatı əldə etmə siyasətini pozacaq.
Kiber hücumlar hansı səbəblərdən yarana bilər?
Ağıllı şəhərlərin müxtəlif kiber hücumlara qarşı həssas olmasının çoxlu sayda səbəblər var. Bunlara zəif şifrələmə, bulud təbəqəsi, programlarda mövcud olan səhvlərr, istifadə olunan avadanlıqlar və digərlərini göstərmək olar.
Zəif şifrələmə - güclü şifrələmədən istifadə etmək əşyaların internetinə qoşulan cihazların təhlükəsizliyini qorumağın ən əsas metodlarındandır. Bu zaman məxfi sənədlər yalnızsəlahiyyətli şəxs tərəfindən təsdiqləndiyinə görə, kiber cinayətkar məlumatlara qanunsuz giriş əldə etsə belə, məzmunun şifrəsini açmaq, görüntüləmək, yaxud dəyişdirmək qeyri-mümkün olacaq.
Proqram səhvləri - Kiber cinayətkar proqram səhvləri səbəbilə ağıllı şəhər sisteminə daxil olduqda, sistemin nəzarətini ələ ala və mövcud məlumatlardan istifadə edə bilər
Bulud təbəqəsi - Bulud sistemlərinin dəqiq hesablama tələb edən Outsourcing və Multi-tenancy kimi təhlükəsizlik problemləri var. Outsourcing, məlumatlarda daha az nəzarətlə nəticələnə bilən və təhlükəsizlik və gizlilik pozuntularına səbəb olan uzaqdan giriş tələb edir. Ancaq bu, bulud provayderinin etibarlı olduğuna və xarici mənbələrdən alınan məlumatların təhlükəsizlik və məxfilik baxımından etibarlı olduğuna əmin olmaqla həll edilə bilər. Multi-tenancy-nin təhlükəsizlik problemi isə çox istifadəçinin bulud platformasından istifadə etməsinə imkan verməsidir.
Təkcə 2018-ci ildə ağıllı şəhərlərdə qarşısı alınan kiber hücumların sayı 48 milyard olub. Bununla bağlı əsas narahatedici məqam isə şirkətlərin ¾-nün öz təhlükəsizlik sistemlərindən əmin olmamalarıdır. “Qlobal Risklər”in hesabatına görə, rəqəmsal cinayətlər qlobal iqtisadiyyata olan təhdidlər sırasında ilk sırada yer alır və bunun səbəb olduğu maddi zərər milyardlarla dollar ölçülür.
Kommentare